Türkiyə Silahlı Qüvvələri daha güclü mövqeyə gəldi

Türkiyə müdafiə sənayesində AK Partiyanın 2002-ci ildə hökumətə gəlməsilə bir canlanma yarandı və illər ərzində inkişaf etdirilən silah sistemləri Türkiyə və Silahlı Qüvvələrini daha güclü mövqeyə gətirdi. (Gündəm analizi_28 (13 iyul 2018)

Türkiyə Silahlı Qüvvələri daha güclü mövqeyə gəldi

Gündəm analizi_28 (13.07.2018)

  Türkiyə ötən illər müdafiə sənayesi sahəsində böyük irəliləyiş əldə edib. Bir çox silah-sursat sistemini yerli imkanlarla istehsal etməyi bacaran Türkiyənin müdafiə sənayesi bir tərəfdən Silahlı Qüvvələrinin xaricdən olan asılılığını azaldır, digər tərəfdən ölkə iqtisadiyyatı və xarici siyasətinə mühüm töhfə verir.

  Türkiyə müdafiə sənayesində AK Partiyanın 2002-ci ildə hökumətə gəlməsilə bir canlanma yarandı və illər ərzində inkişaf etdirilən silah sistemləri Türkiyə və Silahlı Qüvvələrini daha güclü mövqeyə gətirdi.

  Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SEDA-nın araşdırmaçı-yazarı Can Acunun mövzu ilə bağlı yazısını təqdim edirik, mətni oxuyur Sevda Mirzə.

  Türkiyənin müdafiə sənayesində atdığı addımlar sayəsində bir çox quru, dəniz, aviasiya və kosmos vasitələri, müxbir və elektron, hərb və elektron, radar və silah-sursat sistemlərinin maddi-texniki və təlim-manevr sahələrində böyük irəliləyişlər qət edildi. KİPRİ, BMC EFE, KAYA, PARS, EJDER, EJDER YALÇIN, COBRA və URAL kimi uğurlu zirehli maşınlar istehsal edən Türkiyə müdafiə sənayesi vasitələri həm Türkiyə Silahlı Qüvvələrinə təslim, həm də xaricə ixrac edir. Xüsusilə, terrorla mübarizə çərçivəsində uğurlarını isbat etdikdən sonra Türkiyə zirehli maşınları xaricdə maraqla qarşılanmağa başladı. Türkiyə hərbi məhsullarının NATO standardlarına uyğun istehsalı, maya dəyərinin aşağı olması və xaricə satışların siyasi tələblərə bağlanmaması Türkiyə məhsullarının beynəlxalq bazarlarda rəğbətlə qarşılanmasına səbəb olub.

  Türkiyə quru vasitələrində əldə etdiyi uğurun bənzərini dəniz və hava vasitələrində da əldə edə bilib. Məsələn, Türkiyə müdafiə sənayesinin yerli imkanlarla inkişaf etdirdiyi MİLGEM dəniz vasitələri və ATAK vertolyotu Türkiyə müdafiə sənayesi tarixində ən böyük satışını reallaşdırdı. Pakistanın Türkiyədən 1,5 milyard dollar qarşılığında 30 ATAK vertolyotunu alması həm Türkiyə iqtisadiyyatı, həm də Türkiyə-Pakistan münasibətlərinə böyük töhfə vermiş oldu. Pakistan ATAK vertolyotu müqaviləsindən sonra Türkiyədən 4 MİLGEM gəmisi də almaq üçün razılaşma imzaladı. Bu, Türkiyə tarixindəki ən böyük təktərəfli müdafiə sənayesi ixracıdır.

  Türkiyənin hava vasitələrində əldə etdiyi uğurun digər göstəricisi isə silahlı və silahsız “Bayraktar” pilotsuz uçan aparatdır. Qətərdə keçirilən DİMDEX 2018 sərgisi çərçivəsində ölkəyə 6 “Bayraktar TB 2” pilotsuz uçan aparatının ixracı üçün razılıq əldə olunub. Sərgidə, eyni zamanda, BMC, AMAZON, KİPRİ, EJDER YALÇIN, AKİD təlim gəmisi, Ares adlı müxtəlif tiplərdə üzən platformalar və Yonca Onuk MRTP-24/U ixrac olunaraq bütövlükdə 700 milyon dollarlıq bir razılaşma təmin edilib.

  Türkiyə hava vasitələrinin uğurunu göstərən digər fakt isə Ukrayna və Türkiyə arasında Ukraynaya “Bayraktar” pilotsuz uçan aparatının satılması və ortaq silah zavodu qurulması üçün razılıq-niyyət protokolunun imzalanmasıdır.

  Müdafiə sənayesinin uğurunu göstərmək üçün Fərat Qalxanı və Zeytun Budağı kimi olduqca əhəmiyyətli iki hərbi hərəkatı da qeyd etməliyik. Türkiyə Silahlı Qüvvələrinin DAEŞ və PKK/YPG ilə mübarizə apardığı bu hərəkatlarda Türkiyə müdafiə sənayesinin istehsalı olan məhsullar istifadə edildi.

  Türkiyə əsgərinin, Suriyanın ağır şərtlərinə baxmayaraq, iki hərəkatda da böyük uğur əldə etməsinin səbəblərindən biri müdafiə sənayesindəki inkişafla bağlıdır.

  Fərat Qalxanı və Zeytun Budağı hərəkatlarının bütün silah ehtiyacı Türkiyə müdafiə sənayesi məhsulları ilə təmin olundu. Bununla da Türkiyə xaricdən silah asılılığının azaldığını göstərdi. Hər iki hərəkatda əsas 6 ayrı müdafiə sənayesi məhsulu var idi: milli piyada tüfəngi, “fırtına” mərmilər, “Bayraktar” silahlı pilotsuz uçan aparatlar, ATAK vertolyotu, EJDER YALÇIN və KİPRİ zirehli maşınları.

  Türkiyə əsgərinin milli istehsal olan piyada tüfəngindən istifadəsi, Suriya içərisindəki hədəflərin silahli pilotsuz uçan aparatlarla təsbit edilib vurulması, “fırtına” mərmiləri ilə Türkiyə sərhədindən Suriyadakı hədəfləri böyük müvəffəqiyyətlə məhv etməsi, ATAK vertolyotunun Afrin kimi dağlıq ərazidə terrorçulara qarşı istifadəsi, EJDER YALÇIN və KİPRİ zirehli maşınlarının Türkiyə əsgərini terror hücumlarına qarşı qoruya bilməsi – bütün bunlar əslində Türkiyə müdafiə sənayesinin ən böyük sınağı idi. Türkiyə istehsal etdiyi silah sistemlərilə real müharibədə uğur qazandı, beynəlxalq arenada müdafiə gücünü göstərdi.



Әlaqәli Xәbәrlәr