Qərbi Frakiya türkləri: assimilyasiyaya yox

Mövzuyla bağlı Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. (14 fevral 2018, Qlobal perspektiv_07)

Qərbi Frakiya türkləri: assimilyasiyaya yox

Qlobal perspektiv_07 (14.02.2018)

Qərbi Frakiya türkləri: assimilyasiyaya yox

  Özünüzü kim olaraq xarakterizə edirsiniz? Alman, ərəb, türk, müsəlman, xristian, ya ateist? Təsəvvür edin. Min ildən çoxdur yaşadığınız ölkədə dövlət sizə "siz o deyilsiniz" və "sizin təsvir etdiyiniz millət və ya din bu ölkədə yoxdur, olmamış" deyir.

  Mövzuyla bağlı Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  İnsanların özlərini necə xarakterizə etdikləri dövlətləri niyə maraqlandırsın ki? Amma dövlətlərə nə düşür? – Başqa millət, etnik qrup, din və icmalar özlərini necə xarakterizə edirsə, bunu olduğu kimi qəbul və hörmət etmək.

  “Müasir dövrdə bundan fərqli yanaşma olurmu?" soruşsanız, “sualınızda haqlısınız, belə köhnəlmiş, faşist yanaşma bu dövrün anlayışı ola bilməz, tarixdə qalmış nümunədir" deməyi çox istərdik. Amma təəssüf ki, bu, belə deyil. Bu vəziyyət bir Avropa İttifaqı ölkəsi olan Yunanıstanda hələ də davam edir. Türk-müsəlmanlar Yunanıstan dövlətilə min ildən çoxdur ki, bu kimliklərlə bu ölkədə var olduqlarını qəbul etdirmək üçün mübarizə aparırlar.

  Qərbi Frakiya türkləri Osmanlı dövlətindən əvvəl də bu yunan torpaqlarında yaşayırdı. Osmanlılar geri çəkildikdən sonra isə Qərbi Frakiyadakı müsəlman-türk azlığının hüquqları beynəlxalq və qarşılıqlı müqavilələrlə təminat altına alındı. Amma təcrübədə bu haqların çoxu, təəssüf ki, kağız üzərində qaldı. Bu gün pozulan hüquqlardan bir neçəsinə toxunmaq istəyirik.

Yaralı Şüur

  Siyasi, iqtisadi, mədəni bütün hüquq və azadlıqlar, şübhəsiz ki, vacib və qiymətlidir. Amma insanın özünü necə və kim olaraq görməsi onun ən əsas haqqlarından biridir.

  Ontologiya bir haqdır. Ontologiyanın predmeti məhz antik dövrdən başlayaraq fəlsəfi təlimlərin nüvəsini təşkil edən varlıq məsələsidir. (Ontologiya yunancadan "ontos" - mövcud olan və "logos"-təlim sözlərindən yaranıb.)

  İnsan Haqları Beynəlxaq Bəyannaməsinin 6-cı maddəsinə əsasən, "Hər kəs harada olursa-olsun hüquqi şəxsiyyətinin tanınması haqqına malikdir".

  İnsanın özünü necə təqdim edəcəyi dövlətinə bağlı deyil, birbaşa onun şəxsiyyətinin əvəzolunmaz bir parçasıdır.

  Bir insan özünü necə adlandırırsa, hətta mənsubluğunu rədd edirsə belə, bu da onun öz haqqıdır.

  Emil Maalouf "Ölümcül şəxsiyyətlər" kitabında ən böyük yaranın insanın kimliyinə dəyən yara olduğunu yazır. Özünü adlandırdığı kimlik və soyu rədd edilən insan varlığını ortaya qoymaq üçün ömrü boyu bütün təzyiqlərə sinə gərir, ilk xristian və ilk müsəlmanlara edilən təzyiqlərə qarşı aparılan mübarizə kimi.

Rədd edilən Türk kimliyi

  Məsələn, Qərbi Frakiyadakı türk kimliyilə bağlı baş verənlərə nəzər salaq. 1927-ci ildə qurulan İskeçe Türk Birliyi 80-ci illərə qədər varlığını problemsiz sürdü. Adında "türk" sözü keçdiyi üçün 1983-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən lövhəsi endirildi. Fəaliyyətlərinə icazə verilmədi. Birlik Yunanıstan yerli məhkəmələri və prokurorluq tərəfindən "Qərbi Frakiyada türk yoxdur" deyilərək bağlanıldı.

  Qərbi Frakiya türkləri Avropa İnsan Haqları Məhkəməsinə baş vurdu. Ancaq 2008-ci ildə İşkeçe Türk Birliyi haqqını qazandı. Bununla belə, Yunanıstan qanunvericiliyi Avropa İnsan Haqları Məhkəməsinin qərarına ölkənin daxili hüquq qaydaları əsasında baxılması lazım olduğunu bildirdi. O gün – bu gün Qərbi Frakiya türkləri son on ildir Yunanıstanın Avropa İnsan Haqları Məhkəməsinin qərarını tətbiq etməsi üçün mücadilə verir. Son olaraq işə 2018-ci ilin 9 fevralında Gümülcine Apellyasiya Məhkəməsində baxıldı, amma yenə nəticə olmadı.

  1983-cü ildən açıq şəkildə başlayan bu insan hüququ pozuntusunun aradan qaldırılması üçün tam 35 ildir mübarizə gedir. Amma Qərbi Frakiya türkləri qorxmadan və hüquq xaricinə çıxmadan mübarizələrini davam etdirirlər. 35 ildir ki, onlar Yunanıstan və Avropa İttifaqından ədalət gözləyirlər. Amma bu prosesdə Yunanıstan dövləti ədalət əvəzinə hədə-qorxu siyasəti seçib.

Milli Müqavimət Günü

  1988-ci ilin 29 yanvarında Qərbi Frakiya türkləri varlıqlarını inkar edən və onları yox sayan Yunanıstan Məhkəməsinin qərarına qarşı böyük bir nümayiş keçirdi. Bu tarixdən sonra 29 yanvarı Milli Müqavimət Günü elan etdilər. Amma Yunanıstan bu gün belə keçirilən tədbirlərə təzyiq və maneolma yolu tətbiq edir.

  1990-cı ildə Milli Müqavimət Günündə bütün maneələrə baxmayaraq, on minlərlə insan varlıqlarını və kimliklərini ortaya qoymaq üçün demokratik və qanuni mitinqə çıxdı. Amma fanatik yunanlar türklərə hücum etdi. İki gün içində yüzlərlə Qərbi Frakiyalı müsəlman-türklərin ev və iş yerləri talan və viran olundu. Başda İskeçe müftisi Mehmet Emin Ağa və dövrün (müstəqil) millət vəkili Əhməd Faikoğlu olmaqla çox sayda türk ağır yaralandı. Yunan polisi isə olanları sadəcə seyr etdi.

Bu, yalnız Türk kimliyinin inkarıdırmı?

 Yunanıstandakı problemlər təəssüf ki, yalnız Türk kimliyinin inkarı ilə məhdudlaşmır. Qanunlar və qarşılıqlı müqavilələrlə təminat verilməsinə baxmayaraq, müsəlman-türklərə öz müftilərini seçmələrinə icazə verilmir, ibadət azadlıqları məhdudlaşdırılır, mülkiyyət hüquqlarına müdaxilə edilir, malları yersiz yoxlanılır, təhsil haqlarına qarışılır, vətəndaşlıqdan çıxarılır.

  Qərbi Frakiya türklərinin yaşadıqları problemləri daha ətraflı bilmək istəyənlər Katib Çelebi Universiteti tərəfindən Türkiyə türkcəsi, yunan və ingilis dillərində hazırlanan “Yunanıstanda İnsan Haqları Pozuntuları Hesabatı”nı əldə edib oxuya bilər.

  Bir də düşünün, Yunanıstandakı bu hadisələr Türkiyənin Akdamar kilsəsini bərpa edib ibadətə açması, Bənövşəyi Qabriel monastırı ərazisini qaytarması, Gökçeada yunan məktəbində təhsilə başlanılması, İstanbulda Bulqar kilsəsinin bərpa olunması və bütün bu xərclərin Türkiyə tərəfindən ödənilməsi kimi müsbət addımların atıldığı bir vaxtda baş verir.

  Məsələnin təəssüf doğuran başqa bir tərəfi isə, istər Avropa İttifaqı, istərsə də beynəlxalq qurumların on illərdir davam edən bu pozuntuları aradan qaldırmağa yönəlik kifayət qədər aktiv siyasət yürütməməsidir. Elə İslam dünyasının da məsələyə laqeyd qalması üzücüdür.

  Digər təəssüf doğuran vəziyyət də odur ki, Türkiyədəki ziyalılar və insan haqları təşkilatları qulağının dibində yerləşən qonşusu Yunanıstanda baş verən böyük qanun pozuntuları haqqında kifayət qədər məlumata və bağa malik deyillər. Yəqin ki, Yunanıstan İnsan Haqları Pozuntuları Hesabatına nəzər salsalar, bu ölkədə baş verən qanunsuzluqlar barədə çox məlumat əldə edə və müdafiə üçün çıxış edə bilərlər.

  Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün Yunanıstanda yaşayan Qərbi Frakiya türklərinin dünəni, bu günü və onlara qarşı yüz illərdir edilən qanun pozuntuları haqqında analiz-yazısını təqdim etdik.



Әlaqәli Xәbәrlәr