Türkiyədə Podrat Müqaviləsi ilə İşləyənlərə -Taşeron İşçilərə Müjdə

Ötən günlərdə Türkiyənin Əmək və Sosial Müdafiə naziri Jüridə Sarıəroğlu podrat müqaviləsi ilə işləyənlərə - taşeron işçilərinə aid əmək qanununda tənzimləmələr olacağını bildirdi.

Türkiyədə Podrat Müqaviləsi ilə İşləyənlərə -Taşeron İşçilərə Müjdə

Ötən günlərdə Türkiyənin Əmək və Sosial Müdafiə naziri Jüridə Sarıəroğlu podrat müqaviləsi ilə işləyənlərə - taşeron işçilərinə aid əmək qanununda tənzimləmələr olacağını bildirdi və bununla, əmək fəaliyyətində ətraflı dəyişiklikləri və yenilikləri nəzərdə tutan ciddi bir addım atılacağının siqnalını verdi. Son illərdə əmək həyatında çətinliklərə səbəb olan podrat müqaviləsi ilə işləmə, yəni taşeron iş artıq tarixə çevrilir.

 İndiyədək dövlət və özəl sektorda podrat müqaviləsi bağlanan zaman işəgötürənin işlərinin müəyyən hissəsini fərqli şirkətlər öz üzərinə götürürdü və bu şirkətlər “taşeron şirkətlər” adlanırdı.  Bu halda işçilər müəyyən bir qurumun parkında, və ya yeməkxanasında işləsə belə iş şərtləri və maaşları “taşeron firmalar” tərəfindən müəyyən olunurdu. Bu çərçivədə podrat müqaviləsi ilə işləyənin, yəni taşeron işçinin işlədiyi dövlət, və ya özəl qurumlarla heç bir bağı və bu qurumların işçilərinə aid hər hansı tənzimləmələrdən faydalanma haqqı olmurdu. Lakin yeni tənzimləmələrdən sonra dövlət qurumlarında işləyən bu işçilər işlədikləri qurumlara bilavasitə bağlanacaqlar.

Ümumilikdə 850 min taşeron işçinin ştata alınacağı bu tənzimləmə ilə 450 min işçi birbaşa ştata alınacaq. Mərkəzi idarəetmə çərçivəsində ümumi büdcə ilə işləyən qurumlarda, audit qurumlarında, SGK, İŞKUR kimi qurumlardakı işçilərə birbaşa 4B statusu veriləcək.

Yəni bu qurumlarda subpodratçı kimi işləyən bütün vətəndaşlar daimi iş ştatına malik olacaqlar. Bununla yanaşı, bu işçilərə yaş həddi, təhsil şərti qoyulmayacaq.

 Digər bir tənzimləmə məhəlli və şəhər özəl idarələrinə aiddir. Buralarda taşeron işçilərin sayı hazırda 400 minə yaxındır. Bundan sonra bələdiyyələrdə, və rayon özəl idarələrində işləyən  taşeron işçilər daimi işlə təmin olunacaqlar. Bu vəziyyətdə vasitəçi rol oynayan “taşeron firmalar” aradan qalxacaq.

 Müvəqqəti mövsümi işçilik tənzimləmələrin həyata keçiriləcəyi ən mühüm sahələrdən birini təşkil edir. Bu işçilərin iş  müddətləri 5 ay 29 gün olaraq hesablanırdı. Tənzimləmələrdən sonra bu müddətə 4 ay əlavə olunacaq və iş müddəti 9 ay 29 günə qədər uzadılacaq. Beləliklə, mövsümi işçilərin ödəmə müddətlərinin uzadılması ilə bağlı tələbləri ödəniləcək.

Türkiyədə podrat müqavilələri ilə işə alma halları  çox yayılııb. Bəzi müəssisələr bunu ideal bir üsul kimi görürlər. Xüsusilə, səhiyyə, energetika, bank sahələrində, özəl sektorda işəgötürənlər bu metoda üstünlük verirlər. Lakin burada əsas problem bu yolla alınan işçilərin uyğun maaşlarının və lazımi sosial təminatlarının olmamasıdır.

 Podratçı sistemdə işçi və işəgötürən arasında etimada əsaslanan əmək intizamı yoxdur. Bu sistemdən səmərə əldə olunması üçün sifarişçinin işçiləri uyğun iş şəraiti ilə təmin etməsi zəruridir. Təəssüf ki, Türkiyədə bu sistemin səmərəli olmadığı müşahidə olunur.

Podrat müqavilələri ilə işləyənlərin eyni iş yerində ştatda olan əməkdaşlara görə  fərqli əmək şəraitinə və əmək haqlarına malik olmaları sosial-iqtisadi baxımdan ciddi problemlərə yol açır.

 Bu səbəbdən yeni tənzimləmələr bütün bu problemləri arxada qoyacaq əhəmiyyətli bir həll yolunu təqdim edir. İşləyənlər arasında hüquq bərabərliyinin təmin olunması və bütün işləyənlərin  sosial təminatlarının qorunması baxımından bu tənzimləmələr inqilabi səciyyə daşıyır.

Mövzu ilə bağlı işlər çoxdan başlasa da,15 iyul uğursuz çevriliş cəhdi səbəbindən bu işlərin bir müddət gündəmə gətirilməsi mümükün olmadı.

 Nəticədə bu məsələ bu gün gündəmdədir. Podrat müqaviləsi ilə işləyənlərin, yəni taşeron işçilərin yeni status əldə edəcəkləri gün yaxındadır.



Әlaqәli Xәbәrlәr