Qüdsə sülh gəlmədən Orta Şərqə sülh gəlməz

Mərmərə Universitetinin Politologiya Fakültəsinin müəllimi professor Çingiz Tomarın “Qüdsə sülh gəlmədən Orta Şərqə sülh gəlməz” məqaləsi

Qüdsə sülh gəlmədən Orta Şərqə sülh gəlməz

1917-ci ilin 11dekabrında Qüdsü işğal edən İngilis generalı Allenbinin Səlib yürüşlərinin artıq sona çatdığını söylədiyi bildirilir. Orta Şərqdə onsuz da hər şeyin alt-üst olduğu bir xaos şəraitində ABŞ prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı elan etməsi atom bombası effekti yaratdı. Regionun  qiyaməti ola biləcək və Orta Şərqdə böyük partlayışa yol aça biləcək bu açıqlamanın 1917-ci il  işğalından düz yüz il sonra səsləndirilməsi simvolik deyilmi? Bu simvolik mənanı 2 noyabr 1917-ci il tarixli Balfour deklarasiyasının yüzüncü ildönümü və 1967-ci il Altı Gün Müharibəsi nəticəsində Şərqi Qüdsün işğalının 50-ci ildönümünə də aid etmək olar. Lakin Trumpın bu rəmzi mənaları dərk edə biləcək  bir şəxsiyyətinin olmaması məsələsində hamı həmfikirdir. Bəs, elə isə niyə ABŞ prezidenti məhz bu günlərdə belə bir qərar qəbul etdi?

 Simvolizmin  çox inandırıcı olmadığı halda, Trumpın seçki kampaniyası zamanı Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı barəsindəki vədini xatırlayaraq bu sualı cavablandıra bilərik. Amma bu da sanki "niyə indi?" sualına qaneedici bir cavab deyil.

Nə yüz il simvolunun, nə də Trumpın vədinin Qüdsün bu günlərdə paytaxt kimi tanınması üçün kafi səbəb olmadığını düşündüyümüzdə cavabı daha dərinlərdə, son illərdə Orta Şərqdə baş verən dəyişikliklərdə axtarmalıyıq. Orta Şərqə bahar yeli  əsdirə bilməyən "Ərəb Baharı"nın regionun sosial  mənzərəsinin etnik və məzhəb zəminlərində bir daha bərpa olunmayacaq çatlar yaradan bir zəlzələyə çevrildiyi göz önündədir. Regionun bundan sonra heç vaxt əvvəlki kimi olmayacağı şübhəsizdir. Lakin bu xaosdan sonra da müəyyən bir sistem qurulacaq. ABŞ prezidentinin son Qüds həmləsi  öz ətrafında yeni peyk sistemi yaratmağa yönəlmiş bir cəhd kimi görünür. Amma bu cəhd  Bərzaninin referendum qumarında olduğu kimi,  Ərəb və İslam dünyasını itirmək riskini də ehtiva edır.

ABŞ Konqresi 1995-ci ildə qəbul etdiyi qərarla ABŞ səfirliyinin Tel - Əvivdən Qüdsə köçürülməsi məsələsini təsdiq etdi. Lakin ABŞ prezidentləri vəziyyətin incə nüanslarını nəzərə alaraq, altı aylıq periodlarla bu qərarı təxirə salırdılar. Bəs bu gün nə oldu ki, ABŞ bu qərardan düz 22 il sonra belə bir işə cəhd göstərdi?

 ABŞ-ın  Suriya və İraqda, ümumiyyətlə, Orta Şərqdəki strateji səhvləri zəncirinə Qüdsün İsrailin paytaxtı kimi tanınması da əlavə olundu.

Terrorizm və radikalizmlə müharibə adı altında İraq, Suriya və Yəmən kimi ölkələrdə dövlət sistemlərinin dağıdılması və faktiki olaraq bu ölkələrin parçalanması ən çox ABŞ-ın regiondakı rəqibləri olan Rusiya və İranın xeyrinə oldu. Rusiya Suriyadakı təsirini artırdı, Suriyanın qərbində faktiki olaraq mandat idarəçiliyi yaratdı. İran isə İraq və Suriyada nüfuz qazanaraq Livan və Hizbullah vasitəsilə qurudan İsrailə əl uzatma imkanı qazandı, Yəmən və Bəhreyn vasitəsilə ABŞ-ın Körfəzdəki müttəfiqlərini mühasirəyə alaraq, onları hədələdi. ABŞ müttəfiqi və strateji tərəfdaşı Türkiyəni Suriya məsələsində  meydanda tək qoydu, Türkiyə üçün təhlükə yaradan PKK, PYD/YPG və FETÖ kimi təşkilatlara dəstək verərək bölgədəki ən əhəmiyyətli müttəfiqini Rusiya və İran ilə əməkdaşlıq etmək məcburiyyətində qoydu. Bütün bunlara Körfəzdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən sıxışdırılan Qətəri də əlavə etmək olar.

 ABŞ Orta Şərqdəki səhv siyasətləri nəticəsində yaranan Türkiyə- Rusiya- İran - Qətər blokuna qarşı özünün rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı- Körfəz ölkələri - Misir- İsrail blokunu yaratdı. DEAŞ-ın bölgədəki hakimiyyətinin sona çatdırılması zamanı atılan bu addım ABŞ,  Səudiyyə Ərəbistanı və  İsrail arasındakı razılaşmanın məhsulu kimi görünür. Çünki İranın son zamanlar regionda əldə etdiyi nüfuz ən çox İsrail, Səudiyyə Ərəbistanı və dolayısı ilə ABŞ-ı təhdid edir.

Həm Haririnin Ər-Riyadda istefa verməyə, həm də Mahmud Abbasın imkansız şərtləri ehtiva edən sülh sazişinə məcbur edilməsi  belə bir razılaşmanın mövcudluğu ilə izah oluna bilər. Çünki Mahmud Abbas da son günlərdə Şərqi Qüds əvəzinə şəhərin cənub şərqindəki Əbü Dis qəsəbəsini Fələstinin paytaxtı olaraq qəbul etməyə məcbur edildi.

Sinanın bir hissəsinin yəqin ki, təzminat olaraq Fələstinə verilməsindən sonra Misirdən də bu blokun yaranması istiqamətində addım atmaq tələb olundu. Misirin  Qırmızı dənizdəki iki strateji adanı Səudiyyə Ərəbistanına verməsi də bu razılaşma çərçivəsində izah oluna bilər. Ehtimal ki, Sisi də bu razılaşma sayəsində maliyyə yardımı və siyasi dəstək alaraq hakimiyyətini möhkəmləndirmək istəyib.

Lakin bu hesablamalar hər zaman “Orta Şərq bazarı”na uyğun gələ bilməz. Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq şaxmatdakı həmləsini etdi. Başda Türkiyə olmaqla, İordaniya və İslam dünyasından bir çox ölkəsinin bu qərara böyük reaksiya göstərəcəyi şübhəsizdir. Amma burada əsas həlledici məqam Misir və Səudiyyə Ərəbistanı xalqlarının və hakimiyyətlərinin mövqeləri olacaq. Misir və Səudiyyə Ərəbistan xalqlarının böyük reaksiyası müqabilində hökumətlərin buna qarşı reaksiyası Yaxın Şərqdə bütün nizamı dəyişə bilər.

P. S : Qüdsə sülh gəlmədən Orta Şərqə sülh gəlməz.



Әlaqәli Xәbәrlәr